Koronavirus ətirli çərşənbəniz mübarək!

0

Qadınlar arasında belə bir söz var ki, deyirlər, çox çeynənən saqqız çürüyər, bir də kişilərin arasında söylənir ki, bir sözü çox söyləyəndə yaddan çıxır, ləzzəti qaçır. Məmurların, həkimlərin, idarələrin nöqsanlarından bir neçə dəfə yazanda şiti çıxır və sairə.
Yuxarıdakı məsəllərə mən də şərikəm, ancaq bir iş var ki, bu zərb məsəllərin bir çox adamlara, bəzi strukturlara, mövzulara dəxli yoxdur. Məsəl üçün, götürək elə MSK-nı, AMEA-nı, AYB-ni və başqalarını. Bu qurumlar nə çürüyür, nə işləri daddan düşür, nə də ondan yazılan yazıların şiti çıxır. Hətta yazdıqca ondan daha da ləzzətli materiallar pırtlıyıb çıxır. Belə mövzulardan biri də bizim laqeydliyimizdir. Bir az da ondan danışaq.
Biz ümumiyyətlə bineyi qədimdən heç bir problemi ciddiyə almırıq, kökündən həll etmək istəmirik, heç bu haqda fikirləşmirik də.. Çünki xasiyyətimizdə yoxdur. Məsələn qazın, benzinin qiyməti qalxır, evdən iki konistr götürüb qaçırıq “zapravka”ya, növbə tutmağa. Nədi nədi 15-20 litr benzin ucuz düşəcək. Qazı kəssinlər, bir nəfər zəng edib deməyəcək ki, xeyir ola qazı kəsmisiz, tez bazara gedib odun “peç”i alacaq. İşığı söndürürlər gedib şam alırıq, dükanda qonşuya bir ədəd fallıq da saxlamırıq ki, birdən bir ay işığımız gəlməz. Su da elə.. Kəsilən kimi dükandan turba alıb dənizdən evə su çəkməyi fikirləşirik. İstilik məsələmiz də həmçinin. Hansı birini deyəsən?! Problemin çəkisi baxımından da başqa ölkələrdən geri qalırıq. Fikir vermişəm, nə hikmətdirsə həmişə də qiymətləri gecələr qaldırırlar. Qorxurlar, bilirlər ki, dəli şeyik, gündüzlər qaldırsalar inqilab zad edib dünyanı dağıdarıq..
İndi də qəttəzə bir zibilə keçmişik. Lağ etmək, stress atmaq üçün gözəl fürsət düşüb əlimizə. Elimizə koronavirus gəlir. Bəziləri deyir artıq Bakıdadı gəlib, oteldə əynini dəyişir. Dərdə bax ki, camaat seçkidən boğaza necə yığılıbsa, bu virus da onları təəccübləndirə bilmir. Əksinə hamının eynini açıb, hamı deyib gülə-gülə işə gedir, əcələ təslim olur. Əlini, qolunu sallayıb, Əzrayılı gözləyir. Yenə də ənənəyə sadiq qalaraq camaat apteklərdə maska qoymayıb, 40-40, 50-50 daşıyırlar. Elə bil fləşmob keçirirlər, sanki maska taxmayana söyüş qoyublar. Özü də deyirlər, rəngi paltarına uyğun olmalıdır, yoxsa Həkimin kəməri belində durmayacaq, Azərbaycanı Qanlıdaş qalasından xilas etmək mümkün olmayacaq. 😊 Mən də bu gün küyə düşüb getdim 80 qəpiyə bir dənə maska aldım. Özümə söz vermişəm, çirklənsə də, cındırı çıxsa da atan deyiləm. Yuyub sərəcəm qurusun, sonra da ütüləyib təzədən istifadə edəcəm.
Bu azmış kimi votsapda, orda-burda səs yazısı paylaşıb klinikalarını reklam edirlər. Az qalırlar yahova şahidləri kimi qapı-qapı düşüb təbliğ eləsinlər. Əslinə qalsa o “şahidlərin” özləri də təbliğini elədiyi mövzunu nə tam başa düşüb, nə də qəlbinin dərinliyində o mətləblərə imanı var.. Kəsəsi bunlar ləzzətli iş deyil, bəs nədir? Bilmirəm yeməyimizə nə qatıblar amma biz yenə də pozitivik.
AMEA da sağ olsun, bu basabasda koronavirusun iki sözdən ibarət olduğunu, böyük hərflə yazıldığını qeyd edib, lüğətimizə salıb. Koronavirusun hecalara bölünüb hərf-hərf iliyimizə necə işləməyini də sonra, xəstəliyə yoluxanda qeyd edəcəklər.
Bəzi zəhmətkeşlər də deyir, bu xəstəliyi Amerika özü qəsdən yaradıb. Birinci Çinə göndərib, ordan da İrana. Eşitdiyimə görə İranla sərhədə də qıfıl vurublar. İndi məni dərd götürüb ki, birdən xəstələnib eləsək, biz müalicəyə hara gedəcəyik? Allahın yazığı gəlsin..

Miri Rəsulzadə

Paylaş

Şərh yaz