Bədbəxt olmağa dəyərmi?- Rauf Ra yazır..

0

Azərbaycan ədəbiyyatına rəsm əsərinə uzaqdan baxarcasına baxdıqda, görürük ki, klassik romanlarımızdan ta günü bu günə qədər bizim roman sənətində unudulmaz personajımız yoxdur. Yoxdur demək, fikri bir qədər kənara çəkə bilər, ona görə, ümumi olaraq belə ifadə edək:

Yarada bilməmişik; fırçamızda nə rəng oldu dağıtmışıq hara gəldi.

Bəs niyə?

Bu sualın cavabını tapmaq üçün, bir qədər düşündüm. Yenidən həm klassik həm də postmodern adı ilə oxucuya sırımağa çalışdığımız müasir romanlarımızı oxudum.

Bir cavab aldım:

Azərbaycan yazıçısı mətbəxə məhkum edilmiş qadın kimi, məişət məhkumudur.

Biz illərdir məişətdən çıxa bilməmişik. Klassik Azərbaycan qadınının ər, cəmiyyət qoruxusu olduğu kimi bizim də n qədər qorxularımız olub. Amma nəticədə yenə də illərdir səbəb axtarışında çapalayıb qalmışıq. Məncə, artıq nəticələrin səbəbini axtarmaq zamanı deyil, sabahın səbəbinə çevriləcək olan bu günün nəticəsindən yeni nəticələr əldə etməyin zamanıdır.

Yaratdığımız hər bir personaj ya özümüzün obrazıdır, ya da dostumuz – tanışımızın. Düzdür, deyə bilərsiz ki, dünya ədəbiyyatında həyatdan, hətta bioqrafik olaraq yazılmış çox sayda unudulmaz personajlar var. Amma bu onlar da alınır, biz də yox, artıq bununla razılaşmaq lazımdır. Bilmirəm, boyadandır, havadandır, nədəndir. Amma belədir.

Onların məişəti ilə bizim məişət arasında şeir və roman qədər fərq var.

Nəyi yazmaqdan daha çox necə yazmaq misalına gəlir yenə hər şey. Amma bunun üzərində də çox dayanmaq istəmirəm, sərt olsa da, bunu deməkdən çəkinmək lazım deyil.

Alınmır.

Nidasız, həyəcansız pıçıltı ilə yazılan, nöqtə ilə bitən bir “alınmır”.

Gəzib, dolanıb nəticə olmaqdan bezmiş səbəbə gəldik. Nəticəni isə özümüz yaratmaq məcburiyyətindəyik.

Özümüzün, dostumuzun, qohumuzun obrazından başqa personaj yarada bilmiriksə, hər yazdığımızda özümüz varıqsa, (hətta, təxəyyül dediklərimizdə belə) unudulmaz personaj yaratmaq üçün geriyə bir çarə qalır:

Özümüz həyatı unudulmaz personaj kimi yaşamalıyıq ki, həmişəki adətimiz olan “ozümüzü yazmağı” davam etdirə bilək.

Yazıq ədəbiyyatımızın ondan da yazıq halda olan futbolumuzdan bir fərqi olmadığından elə istəyirəm futbol üzərindən izah edim. ( Nədənsə ədəbiyyatı hər zaman futbola bənzətdiyimdən futbol üzərindən fikirlərimi çatdırmaq mənə daha rahatdır).

Ona görə, “90 dəqiqəlik ömürdə necə yadda qalan personaj yaratmaq olar?” sualına cavab tapmağa çalışaq:

Hər bir mövqeyə, hər bir psixoloji duruma bələd olmaq üçün baş məşqçi olmaq yetmir, biz illərdir oyuna yersiz müdaxilələr edən baş məşqçi mövqeyində sadəcə oyunu seyr etmişik, unudulmaz personaj yaradan yazıçılar isə daima oyunun içində hər hansısa mövqedə (Hüqonu qapıçı, Dostoyevskini dayaq yarımmüdafiəçisi, Tolstoyu playmaker kimi təsəvvür etmişəm həmişə) futbolçu olublar. Amma biz futbolçu olmağı bacarsaq belə, inanmıram bu bizə kömək etsin. O səbəbdən, yuxarıda qeyd etdiyim bu günün nəticəsini çıxarmaq bizim nə baş məşqçi, nə də futbolçu olmağımızla mümkün ola bilər. Biz sadəcə meydandakı top olmaq məcburiyyətindəyik.

Qısaca desək:

“90 dəqiqəlik ömrü bədbəxt yaşamaqla”, arzusunda olduğumuz nəyisə yarada bilərik.

Sual verə bilərsiniz ki, buna dəyərmi?

Bu suala cavab vermək isə Jan Valjanı və ya Raskolnikovu yaratmaqdan daha çətindir…

Rauf Ra

Paylaş

Şərh yaz