Mən onu insanların dostu kimi tanıyırdım. Onu bizə sevdirən sadəliyi, səmimiyyəti, əxlaqı olub. O, Allah elçisinin mühüm bir mesajını- “İnsanlara qarşı əxlaqını gözəlləşdir” tövsiyəsinin kökünü qazan adam idi. Bilirik ki, insanları elm yox, əxlaq idarə edir. İnsanların əksəriyyəti təhqiq və elm əhli deyillər. Böyük ustadlardan biri deyərdi, siz nə qədər böyük araşdırmaçı, elm adamı olsanız da bu yalnız elmi mərkəzlərin dərdinə dəyəcək. İnsanlar isə öz bəhrələrini əxlaq və gözəl davranışlardan alırlar. Siz bütün elm sahələrinə aid olan ən dəqiq məsələləri cəmiyyətə təqdim edin, müştərisinin az olduğunu görəcəksiniz. Amma davranışlarınızda, danışıqlarınızda, yazılarınızda ədəbli olsanız o zaman insanlara təsir göstərə bilərsiniz…
Bəli, Şahin Həsənli kimi.
Peyğəmbərlərin insan qazanmaq metodu məni həmişə düşündürüb, maraqlı gəlib.
Bu yöndə ən gözəl örnəklərdən idi Hacı. Bunu hər adam bacarmır.
O köçüb getdi, dodaqlarında namaz, dilində Allahın zikri, qəlbində millətin qayğısı… Bu qəlb 48 il döyündü, vətənin problemləri ilə döyündü. Gələcək nəslin inkişafı ilə bağlı yenilik üçün döyündü.
Tənələrə onuntək sinə gərən görmədim. Ondan səbirlisini, sabitqədəmini görmədim. Zaman onun üçün bir başqa cür işləyirdi. O hamının çatmaq istədiyi zirvəni 48 ilə qət elədi. Onunla vidalaşanda özündən də soruşdum. Bu qədər gözəlliyi 48 ilə necə sığışdırdın, Hacı? Yenə ən gözəl bacardığı sükutu ilə cavab verdi.
Sənin dəst-xəttin çarə axtaranlar üçün bir miras olaraq qalacaq. Səni tanıyan hamı şəhadət verir ki, kimsəsiz və arxasız adamlar sənin qəlbinə ən yaxın insanlar olub. Sən hər şeydə, hər kəsdə həmişə bir ümid axtarmısan. Sən insanımızı Allahla barışdıran adam olmusan.
Dünyanı son nəfəsinə qədər sevgi və xeyirlə coşub-daşan, insanlıqla dolduran bu ürəyin nəhayət susdu. Vətənin bu günü və gələcəyi ilə bağlı bir çox arzuları həyata keçirməkdə olan bədənin artıq rahatlıq tapdı.
Rəngsiz şəkillər sənə yaraşmadı, gözəl Hacı. Sən ümid idin, təsəlli idin. Hamının gücü çatacağı adam idin. Bu dünyada səndən küsməkdən, barışmaqdan asan heç nə yox idi. Ən ağrılısı da bilirsən nədir? Mən bunları keçmiş zamanda yazıram. İndi rahat Allahına deyə bilərsən ki, əlimdən bu qədəri gəldi.
Ruhun şad olsun, gözəl qardaşım.