O olsa, belə yazardı
– Sakitcə!
Bəzi haq sözlər, tənqidlər, təkliflərlə intonasiyasına, cümlə quruluşuna görə razılaşa bilmir adam, baxırsan ki, deyən insafən doğru deyir, amma düz demir. Yəni haqqın yanında ola bilməyənlərin səbəbi həmişə məzmun deyil, və ümumiyyətlə, məncə, “həqiqət həmişə acı olur” doqmasından qurtulmaq lazımdı, istəsəniz araşdırın, həqiqəti acı edən bəzən də (hətta xeyli vaxt) deyilmə zamanı, məkanı və forması olur.
Bax, Ana Kitab, Nəbə surəsi, 38-ci ayə: “O gün yalnız “səvab” danışanlara danışmaq icazəsi veriləcək”.
Bax, Nəhcül-bəlağə, “Təqvalılar” xütbəsi: “onların nitqi səvabdır”.
Bəs “səvab” nədir? Haqqı demək? Doğru danışmaq…? Yəni sizcə, insan necə danışsa “səvab” danışmış sayılar?
İmam Əlinin əqrəb sancan iki nəfərlə söhbəti var, ola bilər ki, alleqoriyadı, amma düşündürücüdü. Həzrət birinə deyir, əqrəb səni niyə sancıb, bilirsən? Çünki filan yerdə Salmanın (oxu: haqqın) dalınca danışırdılar və sən onu müdafiə edə bilərdin, amma etmədin. İkinci kişi dərhal dillənir: bəs ya Əli, axı mən hər yerdə sizin dostlarınızı (oxu: haqqı) müdafiə edirəm, bəs bu mərətəqalmış məni niyə sancıb? Həzrət qımışır: yadına gəlir bir dəfə bizi (əhli-beyti) sevməyənlərin cəmindəydin və mənim Qənbərim də gəldi ora, onlar Qənbərə mane olmaq istədilər, üz-gözlərini turşutdular, kimdi ki bu, dedilər, sən başladın Qənbəri geninə-boluna tərifləməyə, öyüb, öyüb bitirə bilmədin.., axı, əzizim, heç tərifin yeriydi? Sonra bildin nə oldu? Onlar Qənbəri tapıb ölümünüə çırpdılar…
Bax, yuxarıda vəsf olunan “səvab” nitq budur. Onun içində təkcə doğruluq deyil, “yerindəlik” elementi də var, və təkcə yerindəlikmi?
Dedim axı, bəzi haq sözlərlə intonasiyasına, cümlə quruluşuna görə razılaşa bilmir adam, baxırsan ki, deyən insafən doğru deyir, amma düz demir.
Azdır elə ictimai xadim ki, sözü həm doğru, həm düz olsun;
azdır elə yerində adam ki, danışdığı ən çılpaq, ən qatı həqiqət də bal dadsın;
azdır elə məşhur adam ki, haqqı deməyə haqqı çatsın.
Hə, düz eşitdiniz: “haqqı çatsın!”
Məsələn, keçən dəfə bir yazıçını yaxşıca tənqid eləmiş, halını korlamışdılar, baxdım yazılanlara, gördüm ki, istəsəm müdafiə edə bilərəm adamı, bununçün kifayət qədər sanballı arqumentlərim də vardı, ancaq… nəfsimi işin içindən çıxara bilmədim deyə susdum.
Lakin mərhum Hacı.., çıxarmışdı, nəfsini işin içindən elə ustufca çıxarmışdı ki, deyərdin məhbəsdən adam qaçırıb, bu çətin işi elə zərifcə tutmuşdu ki, deyərdin həbsxanadan çölə məktub ötürüb…
Yox, qardaşım, bu kostyumlu övliyanın sayəsində illər sonra sualım nidaya, tərəddüdüm yəqinə çevrilmişdi: həqiqətin acılığı həmişə ontoloji deyilmiş, onu zəhərə çevirən bəzən də deyilmə zamanı, məkanı, formasıymış…
Məsələn, bir müddət əvvəl yenə aləm qarışmışdı: “ya Əli, mədəd, demək olar, yoxsa yox?” Səs, küy, hədə, təhqir və sair bürümüşdü sosial şəbəkələri.
Lakin o sağ olsa, əminəm, heç kimi incitməz, inkar etməz, səhv də çıxartmaz, sadəcə öz hesabında səssizcə, eləcə yazardı:
“Ya Əli, mədəd” demək, əslində, halını İmam Əliyə məruzə etməkdir, dardayam deməkdir, təvazö məqamıdır, Allaha ünüm yetmir, üzüm gəlmir, sənə – Allaha əziz olan birinə əl açıram deməkdir. Çox sevirəm bu duadakı sadəliyi: “Allah səni Haqqa yaxın eləsin”. Necə təvazökarcasınadır. “Ya Əli, mədəd” həm də bu mərifət məqamıdır.
Xüsusən indinin Azərbaycanında bu şüarları nə inki zəiflətmək, hətta gücləndirmək lazımdır. O gün bir qardaş soruşur: “Hacı, Allah, Məhəmməd, ya Əli demək olar?” Cavab verdim: dünən, bəli, olardı, bu gün isə, olmalıdır. Bu əsla kiməsə qıcıq vermək deyil, öz əqidəsinə sahib çıxmaqdır.