Taleh Mənsur: “Gücüm çatan qədər vicdan əzabı çəkdim”.

0

20 Yanvar dairəsində 65 nömrəli avtobusa orta yaşlı bir qadın mindi. Telefonda kiminləsə danışırdı. Arabir başıyla xəttin o biri başındakı adamın dediklərini təsdiqləyir, gah kövrəlir, gah da gözlərində bir tikə ümid parlayardı. Bir xeyli danışandan sonra səsi titrədi:
-Qardaş, başına dönərəm, nə 25-i, işə elə indi başlamaq istəyirəm… susdu, xəttin o biri başındakı adamı dinlədi.- Hə, vallah, elə bu axşam. Nə iş olsa, görərəm. Əvvəl xadimə işləyirdim, çıxardılar işdən. Evin kirayə haqqını da aylıq yox, gündəlik verirdim. Son günlər verə bilmədim deyə, ev yiyəsi çıxarıb atdı küçəyə bizi. Müşfiqabadda qalırdıq. İndi uşaqlarımla avtovağzalda qalıram. Sağ olsun, bir peraşki satan qadın var, o yemək verir uşaqlarıma. İndi də onun yanında qoyub gəlmişəm uşaqları. Gözləmə zalında gecələsək də, ac qalmır uşaqlarım, şükürlər olsun. Amma özüm qazanmaq istəyirəm. Gözlərinə baxa bilmirəm balalarımın. Allah şahiddir, son otuz qəpiyimi də kartıma vurub, minmişəm avtobusa. Hara getdiyimi, nəyə getdiyimi heç özüm də bilmirəm… Yaxşı, yaxşı, anladım… Xahiş edirəm, iş mümkün qədər tez olsun… ”
Bəlkə, eşitmədi avtobusda adamlar onun dediklərini. Bəlkə, eşitmək istəmədilər. Bəlkə də, Tanrı təkcə mən eşidim deyə, eşitdirmədi onu başqa bəndələrinə. Əlimi cibimə atdım, cibimdəcə pullarımı saymağa başladım. Cəmi 18 manatım və 50-60 qəpiyim qalmışdı. 16 manata oğluma uşaq bezi almaliydım. Nə olur-olsun, 16 manata toxunmağa haqqım yoxuydu. Bilmirəm, buna görə, yəqin, məni danlamaq da olar, qinamaq da, belə lap söymək də. Bacarmadım özümlə, oğlumun gözləri gəldi gözümün qabağına. Keçə bilmədim oğlumun gözlərindən. Tərs kimi də nə ayın axırıydı, nə də əvvəli. Mənim kimi adamlar bir ayın əvvəli xoşbəxt olurlar, bir də ayın axırı. “Əvvəl-axır” xoşbəxt olanlardanıq biz.
Xülasə, cəmi 2 şax manat götürdüm pullarımın arasından. Təsəvvür edirsinizmi, boyu az qala iki metrə yaxın olan bir adam bu boyda həngamənin qarşısında iki manat çıxardı cibindən. Mən 2 manatı cibimdən çıxaran anda göylərdən axşamın qaranlığında ağ qar dənələri süzməyə başladı. İllərdi qara həsrət Bakıya qar yağırdı. Cəmi iki dəqiqə yağdı. Yağdı və kəsdi. Elə bil Tanrı mənim mərhəmətini iki dəqiqəlik qar yağdırmaqla qiymətləndirdi. Elə bil Tanrı mənim mərhəmətimə qiymət yazdı: 2! Qışın oğlan cağında, cırhacırındaymışam kimi tər tökməyə başladım, xəcalət təri.
Evə, daha doğrusu, kirayə qaldığım evə yaxınlaşırdım, düşməliydim. Utana-utana qadına yaxınlaşıb pulu ona uzatdım. Qadın duruxdu, təəccübləndi. Bəlkə də, o, həmin an əmin olmuşdu ki, onu Tanrıdan başqa görən və eşidən yoxdu. Bayaq telefonda danışdığı adam belə o qadını eşitmirdi, yəqin.
Mən ondan utandım, o da məndən…”Allah vasitə yetirsin. Alın, heç olmasa, yol pulu eləyərsiniz”- deyə bildim. Qatlanmış pulu cəld qadının ovcuna basıb, tələm-tələsik düşdüm avtobusdan. Ayaqlarım yerə dəyən anda tutuldu. Elə bil avtobusdan tanış şəhərə deyil, başqa bir dünyanın yad bir şəhərinə düşmüşdüm. Və bu başqa dünyanın yad şəhərində ayaqlarımın gedə biləcəyi tanış ünvan qalmamışdı. Dönüb bayaq düşdüyüm avtobusa baxdım. Qadın ovcunda 2 manat, avtobusun pəncərəsindən hələ də mənə baxırdı. Onun kədərli baxışlarının bətninə bir sevinc toxumu düşmüşdü. Bu toxum sağ-salamat dünyaya göz aça bilsəydi, sağalmaz azara-xərçəngə tutulmuş dünyamızı sağaldıb ayağa qaldıracaqdı. Amma çətin, mərhəməti Tanrıdan iki alan biz insanların dünyası elə xərçəngli ölümə məhkum olunmalıdır.
Avtobus uzaqlaşdıca qulaqlarıma hardansa uşaq səsləri yaxınlaşırdı. Bir anlıq mənə elə gəldi ki, bu səs qadının uşaqlarının səsləridi. Kirayələrdə böyüməyə məhkum edilmiş bu uşaqlar, mələklərin qanadlarını kirayələyib, təşəkkür etməyə gəliblər mənə. Qəfil tutulmuş ayaqlarıma ilahi bir güc gəldi. Arxama baxmadan iri addımlarla dayanacaqdan uzaqlaşmağa başladım. Əlimdə əlacım olsaydı, saatımın əqrəblərini də qabağıma salıb, uzaqlara qovardım həmin andan. Axı mən 2 manata görə təşəkkür alacaq qədər vicdansız deyiləm. Bütövlükdə vicdan əzabı çəkirdim, həm də cibimdəki 16 manatqarışıq. Bəs siz necə? Siz heç bütövlükdə vicdan əzabı çəkmisinizmi?..

Taleh Mənsur

Paylaş

Şərh yaz