Əməlin dəftəri haqqında- İlqar Kamil yazır

0
Alim ölmüş, aləm ölməmişdi. Qiyamətdi, haqdı, hesabdı. Qələmlər bəyaz yaxalı qadın vərəqlərin üstündə, həyəcanlar ağızdaydı. Tər-qan bürümüşdü intizarı, bağrı yarılırdı həsrətin. Qərar zamanı gəldi, ayrılıqlar başladı; səsdən-iniltidən heç yer görsənmirdi…
Əməl dəftərini sağ əlinə verdilər bu alimin, cənnət qapısını göstərib, buyur, dedilər. Tanıdı bu qapını alim, yaxşı tanıdı, yadına düşdü ki, ay dili-qafil…
Minlərlə tələbə yetişdirmiş, yüzlərlə kitab yazmışdı, açdığı elm ocaqlarının sayı-hesabı yox idi, o qədər ibadət, o qədər təlaş… fəqət, fikir bürüdü alimi, bəs görəsən məhz hansı işi onu cənnətlik etmişdi? Hətta cənnətə belə kortəbii girə bilməzdi, o alim idi, soruşmalı, öyrənməliydi… Başını qaldırıb, ilahi, dedi: hansı işim mənə Sənin behiştini qazandırdı – hansı kitabım, hansı mədrəsəm, hansı əməlim?
“Heç biri!” – Allahdan nida gəldi. Bir az qəzəb də vardı bu nidada, bir az rəhmət də. Sonra bir quyunu yada saldı Pərvərdigar. Alim xatırlamadı. Tanrı sakitcə izah elədi:
Bir gün bir quyunun kənarından keçirdin, çöllük-biyabanlıq idi, istiydi, çox istiydi və bir it ləhləyirdi susuzluqdan, dili çöldə, gözü quyudaydı. Bir gün də, bəlkə bir saat da su içə bilməsə öləcəkdi. Sən o gün keçib gedə bilmədin ordan, rəhmin gəldi köpəyə. Amma iş müşkülə düşdü; quyudan su çəkməkçün nə bir qab, nə bir dolça vardı, dəhşət idi: suyun dibində susuz qalmışdın. Çox əlləşdin, çox vuruşdun, olmadı…
Sən əlindən gələni eləmişdin, könül rahatlığıyla çıxıb gedə bilərdin, amma getmədin, yadındamı, məyusca arxanı quyuya dayadın, çarəsizəm, dedin, məndən kömək dilədin, ağladın da bir-iki dualıq, və birdən ağlına gəldi ki…
İldırım sürətilə qalxdın ayağa, gəzib dolaşıb bir ip tapdın, ipi ayaqqabına bağlayıb quyuya salladın, və sən… və sən, təsəvvür edirsən, ayaqqabının dabanında su çıxardın susuz it üçün… bax, – Allah qürurla dedi, – bu gün səni yüzlərlə kitabların, tələbələrin, nələrin, və nələrin deyil, məhz bu işin xilas etdi!
Sonra susdu Allah.
Susdu ki, alim özü anlasın sirrin qalanını.
Yuxudan ayılandan sonra bir dəftər götürsün, məsələn, indiyəcən etdiyi bütün yaxşı işləri bir-bir, kəlmə-kəlmə siyahıya alsın, sonra siyahını diqqətlə, çox diqqətlə nəzərdn keçirsin, və… bilsin ki, onu xilas edən, heç bir siyahıya düşməyən, hansısa xırda, hansısa unudulan iş olacaq.
Bilsin ki, ovsanaya düşən tikə unudulan tikədir.
Siyahını cırıb atdı alim, ağladı.., toxtayandan sonra birdən təxmin etdi ki, çiyinlərindəki mələklər də sən demə, elə məhz o gerçəkləri yazmaq üçündü, insanın öz “siyahısında” olmayanları.
Ondan sonra belə bir misra düşdü dilinə alimin, zümzümə elədi onu hər gecə, hər sabah…, hər ölümqabağı:
Salam olsun sənə,
ey unutduğum yaxşılığım!
Paylaş

Şərh yaz