Yazmağı sevdirən və öyrədən Ramiz Rövşənin nəsri- İradə Aytel yazır

0

Əsrimizin böyük yazarı – şeirləri könüllərdə yurd salan, sevilən, oxunan, tədqiqata ən çox cəlb edilən Ramiz Rövşən yaradıcılığının başqa bir tərəfindən – nəsrindən söz açmaq istəyirəm; bura yazarın povestləri, hekayələri və esseləri daxildir.
Onun nasirlik tərəfindən onu yaxından izləyən oxucuları məlumatlıdır, yəni, əksəriyyətin Ramiz Rövşən nəsrindən xəbəri yoxdu.
Çox maraqla qarşılanır şair nəsr yazanda. Şairin cümləsi də qafiyəli, hecalı, not üstündə olur sanki.
Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. O, nəsrində də poeziyası kimi hissləri sözlərə köçürəndə o hissin adını çəkmədən, epitetlərlə peyzaj, yaxud bədii portret yaradır, bir sözlə, onun bədii təyini də özünəməxsusdur (dərddən danışır dərd adı çəkmir, sevgidən danışır sevgi adı çəkmir, ağrıdan danışır ağrı adı çəkmir). Buna örnək olaraq “Belə-belə işlər” adlı hekayəyə diqqət edək. Əsər müharibə illərindən danışır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə.
Öncə əsərdə müharibəyə oğul yolasalma mərasiminə diqqət edək: “Əfrayılın anası Əfrayılın boynunu qucaqlayıb ağlayırdı.
İsmayılın anası İsmayılın boynunu qucaqlayıb ağlayırdı.
İsrəfilin boyunu gün yandırırdı”.
Burada oxucuya məlum olur ki, İsrəfilin kimsəsi yoxdu, İsrəfil anasızdı, yetimdi, onun boyunu qucaqlayanı olmayacaq, onun boyunu gün yandırır, gün qucaqlayırdı…
“Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. Əsərin bu yerində oxucu Həsən kişiyə qoşulub məktub gözləyir, həm də kəhər atdan. Bax, elə bu nasir qələminin gücünün bariz nümunəsidir.
Əsərin ekspozisiyası nə qədər ağrılı həsrətli başlasa da, razvyazkada oxucunun içindən dərin bir ah doğur. Həsən kişinin öldüyü günün səhəri məlum olur ki, kəhər at döyüşə getməyibmiş… “O vaxt atları kənddən çıxarıb aparanda kəhər at yolda əlimizdən buraxılıb qaçdı. Ha qovduq, tuta bilmədik. Axırda dörd tərəfdən araya alıb başladıq qamçılamağa. Zalım oğlu vayenkomun qamçısı kəhərin bir gözünü tökdü. Kor atın davada nə işi vardı. Kəndə də qaytara bilməzdim. Həsən kişi kəhəri o gündə görsəydi gözümü tökərdi. Odur ki, kəhəri yolüstü bir kəndin məktəbinə satdıq. O biri il yolum ordan düşəndə öyrəndim ki, kəhər bütün qışı məktəbə odun daşıyıb. Uşaqları yaza çıxarıb, özü yaza çıxmayıb”. Sədr Şərif söyləyir olanları…
Ramiz Rövşən nəsrində heç bir nasirdə rast gəlmədiyim maraqlı bir tərəf onun var: o, ayrı-ayrı mövzudan, ayrı-ayrı süjet xəttindən ibarət olan hekayələrini elə ardıcıllıqla düzür ki, bir hekayədən başqasına keçəndə artıq əsərdəki qəhrəmanları tanıyırıq. Adlar da eyni olur, yəni bir hekayə o biri hekayənin davamıdır sankı.
“Hamı oğul böyütmüşdü” hekayəsi də elə o illərdəndi. Burada da kənd camaatı döyüşə oğul yola salır, oğul yolu gözləyir. Lakin bu hekayədə bir fərqli tərəf var; “Belə-belə işlər” hekayəsində Həsən kişi döyüşə atını yola salır, “Hamı oğul böyütmüşdü”də isə kimi-kimsəsi olmayan Yetim Qulu döyüşdən oğul məktubu gözləyir: “Yetim Qulu bütün kəndin gözünün qabağında həsrətlə oğlunun yolunu gözləyirdi və bu boyda kənddə bir adamın da ağlına gəlmirdi ki, yaxşı, bu Qulu hansı oğlunun yolunu gözləyir?.. Bu Qulunun oğlu nə gəzir?!”
Bu hekayə yetmişinci illərin əvvəlində yazılıb. O illərdə ki, sovetin qılıncının qabağı da kəsirdi, arxası da. Lakin bu qan çanağının içində yazar o illərin peyzajını verə bilib. Həm də elə verib ki, nə şişi, nə də kababı yandırmamaq şərti ilə. Bəli, camaat Vətən uğrunda, Sovet İttifaqı uğrunda gözünü belə qırpmadan döyüşə gedir, qan tökür, qanı tökülür, ailələr başsız qalır… Nədir burada sətiraltı məna, nədir ideya? Burada yazar üstörtülü şəkildə göstərir ki, ay camaat, sovetlər gözümüzü o qədər qıpıq öyrətmişdi, bizi o qədər qorxu altında saxlayırdı, o qədər illuziyalarla yaşadırdı ki, hətta adamlar Yetim Qulunun da oğlunun döyüşdə olduğuna inanmalıydı. Bəli, erkəksənsə də, dişisənsə də doğmalısan! Bu, Sovet hakimiyyətinin prinsipi idi.
“Ağrı” hekayəsi də əslində o illəri qamçılayan bir əsərdi. Burada yaralanandan sonra döyüşdən geri qaytarılan bir nəfərin fiziki ağrıları bir yana, mənəvi ağrılarından söz açılır. İsgəndər döyüşdə canını qoydu, illərlə övlad həsrəti çəkdiyi halda, geri dönəndə övladını bağrına basmağa cürəti çatmadı. Həmkəndliləri onun fərari olduğunu düşünərək raykoma (rayon icra nümayəndəliyinə) zəng etdilər. Əslində isə, o, fərari deyil, sadəcə başından zərbə alan əsgər həkimlərin verdiyi xəstəlik sənədini itirmişdi…
Burada Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri yada düşür. Öləndən sonra kimsə ölüsünün dirilməyini istəmədiyi kimi, bu əsərdə də döyüşə gedən, lakin fərarilikdə suçlanan İsgəndəri kimsə yaxına buraxmır: “Sonra Mikayıl kişi üzünü İsgəndərə tutub:
– Get!… – dedi, – Sən Allah çıx get!.. hamıynan bir yerdə qayıdıb gələrsən…
Və İsgəndər səssizcə çevrildi, ağır-ağır addımlayıb yalın ayaqlarını yerə basa-basa getdi, uzaqlaşıb gözdən itdi…”
“Hərə gördüyünü görür” hekayəsi də “o illərin dörd ili, dava ili dərd ili”ndən (Ramiz R.) söhbət açır. Əvvəlki hadisələrin davamıdır. Əsərin ekspozisiyası çox maraqlı və poetik boyalarla rənglənib:
“Əliş anadan olanda bir ağzı vardı, bir burnu, iki əli, iki ayağı, iki gözü.
Əliş davadan qayıdanda iki əli vardı, iki ayağı, bir ağzı, bir burnu və bir gözü.”
Əliş gözünün birini davada qoymuşdu. Elə o gündən də Əliş Əlişliyini itirdi, adamlar ona başıxarab dedi, elə o gündən Əliş kişiliyini itirdi, arvadı ona xəyanət elədi. Müharibə bir ailədən başlayaraq bir eli-obanı başıaşağı elədi…
“Analardan uzun qızlar” hekayəsinin ekspozisiyasına diqqət edək: “Yazın axırlarıydı. Ot dizəcən qalxmışdı. Bağlarda meyvələr, evlərdə qızlar yetişirdi…
… Bu kənddə ən ucaboy qızlar dava vaxtı yetişən qızlar idi. Çünki, məsəl var, deyərlər, qızın boyu ər evinəcən uzanar.”
Burada da müharibə illərinə olan nifrət nasir qələmində özünü göstərir. Müharibə qızların da arzusunu gözündə qoydu, onların boyu uzandı, uzandı, lakin ər evinə çatmadı… Belə metanomiyalar da məhz Ramiz Rövşən qələminin bəhrəsidi.
O kəndin qızlarının müharibədən sonra da üzü gülmədi: “…ovuclarının içi qabar-qabarıydı, davanlarının altı çatdaq-çatdağıydı, səsləri bu qədər qalınıydı, kobuduydu və bu səsnən bu qədər söyüş bilirdilər…”
Bu idi zəhmətkeş sovet qızları!
“Yağışlı bir günün günortasında” hekayəsi ilə müəllif müharibəyə, siyasətə olan nifrəti və insanlığa olan sevgisini göstərir.
Kəndin böyründən dəmiryolu çəkmək istəyirlər. Və burada işləyənlər nemes (alman) plenləri olmalı idi. Hekayədən bir epizoda diqqət edək: “..Neçə günüydü camaatın yuxusuna əcaib-əcaib şeylər girirdi.
Ancaq maşından düşürülən nemes plenlərini görəndə Mikayıl kişi ağzını doldurub tüpürdü:
– Pay atonnan, adam yiyəsi!.. – dedi. – Bunlar lap narmalnı adamlarıymışlar ki!…”
Burada yazar (yenə deyirəm, sovetin at çapdığı bir zamanda) eyhamla onu demək istəyir ki, ay adamlar, nemes vəhşi deyil, qaniçən deyil, onlar da bizim kimi insandırlar, onların da sadə əhalisinin müharibəni görməyə gözü yoxdur, onlar da bizim kimi sülh içərisində yaşamaq istəyir. Sovetin bizə tanıtdığı qaniçən, faşist, zalım, əslində, yuxarıda duranlardı, müharibəni törədənlərdi. Yenə həmin hekayədən: “Sədr Şərif – düşmən qabağında ağlamasınlar, – demək istəyirdi, ancaq sonra gözünün qırağıynan həmin o saqqalı olan, bığı olmayan nemesə sarı baxdı; o yazıq hələ də palçığın üstündə dizüstə düşüb qalmışdı, qorxa-qorxa İbrahimin anasına baxırdı, – sədr Şərif fikirləşdi ki, əşi, nə düşmənbazlıqdı, bu diziynən palçıq eşəndən nə düşmən?”
Bəli, müəllif hakimiyyəti tənqid atəşinə tutur, lənətləyir, camaatın gözünü açmağa çalışır. Bu maairifləndirmə prinsipi “Evin tikilməsin, Amerika” hekayəsində daha qabarıqdı. Diqqət edək: ” …deyirsən yəni bu Amerikadan heç xəbərimiz yoxdu?! Tutalım, hər adama iki maşın düşdü; sağı dərya, solu dərya, o maşınları harada sürəcəksən, ay axmaq?”.
Amerikanı kapitalıst, qaniçən kimi tanıtmağa çalışan, lakin bir maşın almaq üçün onlarla sənəd tapmaq, on adamın adından pul götürmək və s. çətinlikləri yaşayan Sovet adamına müəllif Amerikanın həqiqi üzünü, kapitalizmdəki insan azadlığını göstərməyə çalışır. Sovet adamları kölədir, sovet adamları boyunduruq altındadır və həm də öz içindən olanların boyunduruğunda. O adamların ki, onlar hamıdan fərqli olmalıdır, qansız, zəhmli, ürəksiz, hisssiz və s. Və hekayədə onlara olan eyhama diqqət edək: Hümmət yoldaş bu kəndin sovet sədridir. Zəhmlidir. Lap zəhmlilər isə lap yuxarıda olmalı idi. Bilal kişi Hümmət yoldaşa deyir: “…Hümmət yoldaş, bu zəhmnən sənin yerin bilirsən gərək hara olaydı?!”
Burada müəllif bəlkə Stalinin yerini nəzərdə tuturdu? Bəlkə Bağırovun…
Hümmət yoldaş müharibədə olub. Hümmət yoldaş bilir ki, döyüşdən göndərilən tabutlar ya boş olur, ya dəyişik meyidlərlə: “…o qəbirdəki soldatı hökumət də tanıyır, amma demir, çünki demək məsləhət deyil”.
Burada da müəllif hakimiyyətin xalqın mənəviyyatı ilə necə rəftarını göstərir. Bəli, sovet anası oğul göndərir döyüşə. Oğul həlak olur, oğulun “meyiti” dönür kəndlərinə. Amma kimsə bilmir ki, o tabutdakı tanıdıqları adam deyil (əyər tabutda meyit varsa…).
“Daş” povestinin mövzusu da həyatın özündən götürülüb. Burada da oxucu qəhrəmanları tanımağa çox da çətinlik çəkmir. Povest qəhrəmanları ilə sanki hekayələrin davamıdır.
Povest həyatın alt qatındakı eybəcərlikləri elə çılpaqca açıb göstərir ki, müəllifi gah sevirsən, gah da bütün bu olanların baiskarı müəllifmiş kimi qınayırsan. Burada Nabokovun “Lolita” romanı yadıma düşdü. Roman ortayaşlı bir kişinin azyaşlı qızlara olan ehtirasından yazır. Oxucu bu iyrənc adamın çiçək-çiçək qızlara fərqli baxışı ilə hər rastlaşanda müəllifə nifrət edir, bu rəzaləti necə yazıb deyə onu lənətləyir, lakin əsəri oxumaqdan vaz keçmir. Bax, elə budur müəllifin gücü; oxucunun diqqətini həm sevgi, həm də nifrətlə əsərə yönəltmək. “Daş” povestində də qardaşın qardaş arvadına baxışını, əmoğlunun əmiqızına ehtirasını, vəzifədəkinin kasıb arvadına təcavüzünü və s gördükcə müəllifi qınayırsan… lakin, əsər oxunur həm də maraqla. Və əsərin hər bir səhifəsində bir aforizm yatır: “Bir otağı iki elədin, qardaş, ikini dörd, dördü səkkiz, ancaq bu ev yenə səninki olmadı. Çünki bu evin bünövrəsini sən qoymamışdın., özülünü sən qazmamışdın”.
“Yayda ölmək günahdır” hekayəsi əslində Müslüm kişinin və onun həyatdan nakam köçmüş arvadının faciəsindən bəhs edir. İki ayrı-ayrı insan evlənir (evlənir demək olarsa, Müslüm döyüşdən geri dönür ev yox, eşik yox, əmisinin evinə sığınır və gecə məcburən əmisi qızının yatağına girir) bu evlilikdən onların bir övladı dünyaya gəlir, həm də Bakıda təhsil alıb işləyən oğulları – Mahmud müəllim. Mahmud müəllimi tanıyandan sonra Müslüm kişinin də, onun bədbəxt arvadının da faciəsi arxa plana keçir – iki bədbəxtin, iki ayrının bir balasının faciəsi oxucunun ürəyini daha çox ağrıdır.
Ana rəhmətə gedir, oğul Bakıdan gəlir, ata-oğul ananın meyitinin yanındadır: “Elə oturmuşdular, elə bil aralarından çay axırdı, ikisi də o çaya tilov atmışdı, gözləyirdi; tilov hər tərpənəndə diksinirdilər”. Oxucu ana meyitinin bu cür təqdiminə dəhşətə gəldikcə müəllifi daşürəklilikdə qınayır. Oğul anasının meyitinə baxa-baxa anayla “söhbət edir”: “”Məni gözüqıpıq eləyən də bəlkə o şapalaq olub, ay ana!..
“Qorxan gözə çöp düşər”, deyiblər. O hesabla mən gərək çoxdan kor olaydım.
Bu kənddə məndən qorxaq uşaq yox idi.
Müəllim dərs soruşanda əlimi birinci qaldırmağa da qorxurdum…
…Sinifdə hamıdan arxada mən otururdum. Dərs qurtaranda sinifdən ən axırıncı mən çıxırdım. Uşaqlar sıraya zada düzüləndə də, çiynimi qısırdım ki, heç kəsdən hündür görükməyim”. Müəllif burada bir insan taleyinin faciəsində sevgisiz qurulan izdivacı pisləyir. Budur, ayrıların bir olunca dünyaya gətirdikləri övlad. Zəhmli, daş ürəkli, sevgisiz atanın böyütdüyü qorxaq insan!
“Haçansa onu dünyaya gətirən o bir cüt adamın heç birini Mahmud müəllim sevmirdi; nə ölüsünü, nə dirisini. Bunun nə boyda günah olduğunu o bilirdi. Amma bu günahı az-maz yüngülləşdirən bir şey vardı ki, Mahmud müəllim heç özünü də sevmirdi”.
Ramiz Rövşənin esseləri də özünəməxsusıluğu ilə seçilir. O, esse yazarkən sanki daha diqqətli, daha məsuliyyətli olmağa çalışır. Burada maarifləndirmə ön plana çəkilir. Bu esselər dahilərdən sitatlarla, aforizmlərlə o qədər zəngindir ki, bu qədər aforizmi müəllif bir araya necə sığışdırıb deyə oxucu düşünməyə bilmir.
“Göy üzü quşlarla şairlərindi”, “Qəmin hərfi” və “Ayın o biri üzü” (fraqmentlər) müəllifin özünün-özünə pıçıltılarıdır sanki. “Tanrı casusu” Məhəmməd Hadinin, “Üç görüş” ədəbiyyatın ən yaralı yeri olan Mikayıl Müşfiqin xatirəsinə yazılmış xatirə-esselərdir.
Ramiz Rövşən özünə arxayındır. İnamlıdır. O, nəsr yazir, lakin nasir qələminin qanunauyğunluqlarına riayət etmədən yazir. İnversiyaya – yəni sözlərin qrammatik ardıcıllığının pozulmasına bilərəkdən yol verir. Bu da müəllifin şair təbiətindən irəli gəlir. “Budaqlarda almaların yanaqları qıpqırmızı qızarırdı. Tənəklərdə üzümlərin giləsi qapqara qaralırdı. Zəmilərdə sünbüllərin dənəsi sapsarı saralırdı” (“Daş” povesti). Şair sözlərin qrammatık ardıcıllığına yox, rənginə, əhvalına, qohumluğuna diqqət edərək, o sözlərdən poetik bir qəsr tikməyə çalışır. Varvarizmə də bilərəkdən yol verir, əslində, sovet dönəmindən bəhs edən əsərlərdə rus sözlərindən istifadə əsərin ideyasına xidmət edən amillərdən biridir.
Ramiz Rövşən nəsrində lazımsız ritorika yoxdur. O, lakonik şəkildə fikrini ifadə edir. Lakin o, orfoqrafik pozuntulara da qorxmadan yol verir. Onun təhkiyəçi dili ədəbi dilə söykənmir, sırf bəddi dilin üstündə köklənir. Məsələn, enmək sözünü hər yerdə “yenmək” kimi göstərir. Halbuki, bunlar tamam fərqli anlamlardır. Enmək – aşağı düşmək, alçalmaqdırsa, yenmək üstələmək, hökm eləmək kimi başa düşülür. Ən çox Kəlbəcər zonasında “enmək” sözü “yenmək” olaraq işlənir. Daha sözü “tay”, “istəyi ilə” “istəyiynən” və s. lakin…
Ramiz Rövşən böyük şairdir!

İradə Aytel
baymedia.az

Paylaş

Şərh yaz