Gecənin qaranlığında sinəsindən qalxan göynərti, əllərindəki sızıltı sürünərək çarpayıdan qalxmağa məcbur etdi Qəndab xalanı. Dərmanını güclə çıxarıb damağına toxundurdu, əl atıb boş su stəkanını qaldırdı. Adətən gecədən su ilə doldurduğu stəkanını unutmuşdu. Köhnə dəmir başlıqlı çarpayıdan yapışıb qalxmaq istədi, ayaqları sözünə baxmadı. Dərmanın zəhər kimi dadı yayıldı ağzına, udmaq istəsə də bacarmadı. Yenidən taqətsiz qalıb çarpayıya söykəndi. Sinəsinin göynərtisini, ağzının zəhərli dadını, barmaqlarındakı uyuşmanı gözlərindən axan yaşla çıxarmaq istədi canından. Kərbəla Şəhidlərini, susuz can verən İmam Hüseyni (ə), Əbülfəzi, bütün orada can qoyan qurbanları düşündü. Ar etdi su üçün ağlamağı. Dərmanı ağzından çıxarıb çarpayının yanındakı balaca masanın üstünə qoydu. Saatın neçə olduğunu bilmirdi, amma çöldən düşən gecə lampalarının işıqlarından güclə sezilən divarda asılan Şəhid oğlunun şəklinə baxdı. İxtiyarsız “can bala” dedi.
Səhər Ülkər Qəndab xalaya dəyməliydi, ona dərman ərzaq almaq üçün lazım olan qədər pul götürüb maşına oturdu. Yolüstü aptekə girdi, əczaçı qızdan “kardio aqnil, valedol, cralonin” dərmanlarını soruşdu. Hər zaman eyni aptekdən bu dərmanları alsa da əczaçı yenidən resept tələb etdi. Ülkər mızıldansa da resepti maşından götürməyə getdi. Dərmanları aldıqdan sonra tələsik maşına əyləşdi. Qəndab xala gilin evinin yaxınlığında təzə marketdən bir az ət, düyü, paraşok, çörək, qənd çay konfet aldı. Ülkər küçənin başında Qəndab xalanın oğlunun büstünə baxıb köks ötürdü. Qəndab xalayla ilk tanış olduğu günü xatırladı.
Yoldaşı ilə sevib ailə qursa da Allah onlara övlad payından məhrum buraxmışdı. Dəfələrlə həkimə getsələr də buna səbəb Ülkər olduğuna görə özü yoldaşından ayrılmaq qərarına gəlmişdi. Evin tək qızı olan Ülkər, elə toyundan 3 ay sonra ata anasını avtomobil qəzasında itirmişdi. Qapısı bağlı qalan ata evinə qayıdıb, ömrünü insanlara yardım etməklə keçirməyi qərara almışdı. Bununla təsəlli tapırdı özünə. Həyata bağlanırdı.
Bir gün Şəhid anaları ilə görüş keçiriləndə Ülkəri də qurumun bir üzvü olaraq dəvət etmişdilər. Etdiyini göstərişə gətirməyi sevməzdi Ülkər. Elə bu sadəliyi idi onu hamıya sevdirən. Həmişəki kimi ən arxa sıralarda insanların arasında əyləşdi. Tədbir başladı, çıxışlar etdilər. Ülkərin gözü yanında oturan bir qara paltarlı qadına sataşdı. Telefonun ekranından əsgər paltarında bir yaraşıqlı oğlanın şəklinə baxırdı. Hiss olunurdu bu aləmdə deyildi qadın. Zalda nə baş verdiyindən də xəbərsiz idi. Sadəcə gözünü ekrana dikib ara sıra gözündən çənəsinə axan yaşı yaylığının ucu ilə silirdi. Ülkər çantasından tək istifadəlik kağız salfetkanı çıxarıb qadına uzatdı. Qadın başını qaldırıb nur çöhrəsində təbəssümlə – “Təşəkkür edirəm, qızım” dedi. Sonra telefonun ekranını göstərib – “balamdı” dedi.
Ülkər onsuz da tədbirin aurasından dolub qalmışdı. Bu son ağrı idi zərblə silkələdi Ülkəri. Gözündən yaş süzüldü, amma susdu. Heç nə demədi.
Artıq Qəndab xala ilə yaxından tanış oldular. Qəndab xalanın tək övladı acı müharibənin qurbanlarından biri idi. Yoldaşını cavan yaşından itirmiş oğlunu tək böyütmüşdü. Sumqayıtda yaşayır, uzun müddət orta məktəbdə müəllim işləmişdi. Müharibə başlayanda oğluna dönə dönə tapşırır ki, evin tək oğlusan, gözüm sənə baxır birdən gedib könüllü yazılma. Mən də yazığam.
Amma bilirdi ki, oğlu bunu edəcək. Sadəcə çarəsiz – çarəsiz yalvarmışdı. Dərsdən qayıdanda yolda oğlu ilə rastlaşdı. Gülə gülə anasının qabağına gəlirdi. Sanki Qəndab xalanın ürəyinə nəsə damdı: – “Nə yaman kefin kökdü, oğlum. Bu nəsə yaxşı şeyə oxşamır.” Oğlu isə anasının boynuna sarılıb. – Ana, gedirəm. Amma hələ qabağa buraxmazlar. Çünki ehtiyac yoxdu müvəqqəti təlimə gedirəm. –
“Yalan deyirdi” ana düşünüb köks ötürdü.
– Bəs mən? Mənim ürəyim xəstədi axı. Necə olacam. Onsuz da hər gün Şəhid xəbəri gəlir. Ürəyim yanır. Allah uzaq etsin sənə nəsə olsa necə dözərəm?
– Narahat olma, gedənlərdən artıq deyiləm ki. Həm özün ilk müəllimim kimi demirdin ki, “Vətən darda olarsa bu vətənin suyu, çörəyi bizə haramdı?” (gülür)
Yox, artıq qərar verilib. Qəndab xala çarəsiz addımlarla evə tərəf yeridi. İkisi də xeyli susdular. Daha nə desə boş idi. Nə etsə boş idi. İllərlə çəkdiyi əziyyəti olan övladına sanki kənardan bir də baxdı. İndi oğlu ondan daha hündür, cüssəli, gümrah, möhkəm bir igidə dönmüşdü. Pıçıldadı… ( Oğlum, nə tez böyüdün? )
Ülkər bunları Qəndab xalanın dilindən eşidəndə göz yaşları içində dinləmiş-” Səni heç vaxt tək qoymayacam, ana” demişdi.
– Ən çox nəyə ehtiyacın olur, ana.
– Suya, dilim dodağım yanır həmişə.
– Bəlkə şəkərin var? Bir dəfə yoxlatdıraq.
– Bilmirəm ki, qızım. Sənə əziyyət vermək istəmirəm.
– Nə əziyyət, ana. Bu mənim borcumdu. Anaya edilən nə varsa bizə borcdu. (əllərindən öpür)
Ülkər həkimi evə gətirib şəkərini də ölçdürmüşdü Qəndab xalanın. Şəkər xəstəliyi də tapmışdı oğlundan sonra yazıq ana. Həmişə susuz idi.
Ülkər lap döngəyə çatanda balaca köşkdən iki sirab da aldı. Qapının zəngini xeyli çaldı, çaldı, çaldı… Səs səmir yox idi.
Nə baş vermişdi. Tərslikdən üzbəüz qonşu boş evin qapısını illərdi bağlayıb xaricə köçmüşdü. Ülkər bir neçə dəfə ucadan Qəndab xalaya səslənsə də cavab verən olmadı. Həyəcandan pilləkənləri 3-3 düşdü. Ülkər aşağı mərtəbədə qonşudan xəbər aldı. Bu gün ümumiyyətlə Qəndab xalanı görmədiyini dedi. Ülkər çarəsiz halda maşından ağır bir alət gətirib qapını sındırmağı düşünərək pilləkənləri tələsik düşdü. Əlinə heç nə keçmədi. Yox, belə olmaz, yaxınlıqda polis bölməsinə getsə yaxşı olardı – düşündü. Maşına oturub polis bölməsinə yaxınlaşıb kömək istədi. İki əməkdaş öz maşınları ilə Ülkəri təqib etdilər. Ülkər tələsik 44 cü mənzilin qapısına yaxınlaşdı. Bayaq gətirdiyi salafan torbalarını da elə orda qoymuşdu, onları kənara çəkib qapını yenidən zərblə döydü. Eyni hərəkəti pilləkəndən aramla qalxıb qapıya çatan polis də etdi. Səs yox idi. Çilingər çağırdılar. Ülkərin ürəyi əsməyə başladı. 2-3 ildir öyrəşmişdi Qəndab xalaya. Yedikləri içdikləri bir yerdə idi. İki-üç günlük Naxçıvana işlə bağlı getmişdi. Elə evə çatan günün sabahısı Qəndab xalaya özünü çatdırmaq istəyirdi.
Qəndab xala Məhərrəm ayının fəzilətini, İmam Hüseynin yezidlər tərəfindən necə zülmlə şəhid etdiklərini,Kərbəla müsibətini ağlayaraq danışmışdı Ülkərə. Heç Ülkər öz anasından, atasından bu haqda eşitməmişdi. Əslində Naxçıvandan da tələsik qayıtmağı da bu gün Aşura günü olması, anaya baş çəkib İmamların adına halva bişirmək idi məqsədi.
Qəndab xala su istəyəndə deyirdi, İmam Hüseyn (ə) bağışlasın qızım, dilim dodağım yanır su gətir. Hər dəfə su içəndən sonra
“Əssalam Əleykə Ya Əli ibni Hüseyn” deyirdi.
Çilingər qapının kilidini kəsəndən sonra geri çəkildi. Polis qapının dəstəyinə əl atdı. Ülkər dözməyib irəli atıldı. Dəli kimi yataq otağına girdi. Qəndab xala orda deyildi. Ülkərin ürəyi daha da şiddətlə döyünməyə başladı. Geri dönüb mətbəxə tərəf addımladı. Su dolçasının şüşə qırıntıları ayaqqabısının altında xırçıldadı.
– Ana…. – deyə bağırdı.
Qəndab xala o gecə şiddətli ağrıdan sürünərək mətbəxə kimi gəlib. Əlini su dolu dolçaya atanda müqavimətini itirib yıxılaraq , elə orda da canını tapşırmışdı. Ülkərə ən çox təsir edən isə yerə dağılmış suyun Qəndab xalanın ovcuyla sıxması oldu. O da İmam Hüseyn (ə) kimi susuz getdi bu dünyadan. O da bir Aşura yaşadı.
Ülkər bir daha yetim qaldı, bir daha tənha qaldı bu həyatda. Lakin Qəndab xalanın təsəlli sözləri onu ovundururdu : ” “İnnə Lilləhi və innə ileyhi raciun” – ALLAHDAN GƏLDİK, YENƏ ONA DÖNƏCƏYİK…