Bilmirəm, sizdə də bu baş verir ya yox, sanki iki “mən” yaşayırsan içində.
Uşaq vaxtı qonşuluqda bir Elxan dayı vardı. Biz onu harda görsək uzaqda da olsaq qaçıb binanın qabağına gəlib ona salam verməyə can atırdıq. Nə qədər yorğun görünsə də həmişə gülümsəyib mehribanlıqla salamamızı alardı. Ara sıra cibindən “turbo” saqqızları da çıxarıb paylayardı bizə. Heç vaxt evindən səs çıxmazdı. Hətta Novruz bayramında qapılarını pusanda da səs eşitmirdik. Anamın danışdıqlarından bilirdim neçə uşağı olsa da qalmayıb, elə 2,3 ay keçməmiş ölübmüş. Elxan dayı əvvəllər fabrikdə briqadir işləsə də fabrik bağlanandan sonra evlərdə boya təmir işləri ilə məşğul idi. Atamla demək olar ki ən səmimi, dost kimi qonşu idi Elxan əmi. Atam hər zaman kisəylə un alanda Elxan əmi üçün də gətirib qapılarının ağzında qoyardı. Amma heç vaxt qapını döyməzdi. Çünki bilirdi ki, Elxan əmi axşam işdən gələndə unu orda görəcək. Biləcək bunu kim qoyub. Beləcə danışmadan bir – birilərini anlayırdılar onlar.
Hər yay babamgilə kəndə gedirdik 2 bacı 1 qardaş. Yenə anam paltarlarımızı hazırladı, gecədən bizi çimizdirdi bacımla mənim saçlarımızı qurutdu qardaşımın saçını isə atam bir az da azaltdı ki, qaçanda tərləməsin. Gözümüzə sevindiyimizdən yuxu getmirdi. İldə 1 dəfə yay tətilində getdiyimiz kənddə dostlarımızı görəcəkdik. Maraqlıdır kənddə yaşayanlar Bakını, biz isə kəndi xəyal edib darıxardıq. Atam səhər maşını işə salmaq üçün bizdən qabaq aşağı düşdü. Biz də çox gözləmədən onun ardınca evdən çıxdıq. Anam isə 4 cü mərtəbənin eyvanından bizi yola salmaq üçün dayanmışdı. Blokun ağzında xeyli insan toplaşmışdı. Hətta polis də vardı. Atam çantaları maşına yığıb adamların arasına qayıtdı. Nəsə baş vermişdi.
6 cı mərtəbədən hıçqırtı ilə yana-yana ağlayan qadın səsi gəlirdi. Biz əlimizdə gücümüz çatan çantalarla maşının qarşısında dayanmış və nə edəcəyimizi bilmirdik. Atam qayıtmadı. Anam isə artıq eyvanda yox idi. O da içəri girmişdi. Qonşumuz Səidə xala bizi görüb acıqlandı – “siz nəyə tamaşa edirsiz burda dayanmayın qaçın evinizə.”
Sanki günah iş görmüşük kimi başımızı aşağı saldıq. Qardaşım – “Atamı gözləyirəm” dedi.
Səs küy daha da artmağa başladı, daha bir polis maşını binanın qarşısına gəldi. Az sonra isə üstü qanlı, iki polis tərəfindən qolları tutulmuş bizim o sakit, sevimli Elxan dayımız blokdan çıxdı. Atamı da gördüm, onların ardınca başı aşağı addımlayırdı. Təcili yardım geciksə də yenə harasa tələsirmiş kimi hay-küy salaraq “Yol verin, açın yolu” deyərək bloka girdilər. Anam bizi tələsik evə qaldırdı. Pilləkənlərdə Elxan dayının yaşlı anası bayaqkı hıçqırıqla yana-yana ağlayırdı. Balaca bacım qorxub anamın ətəyindən möhkəm yapışdı – “Ana, sən getmə”
Anam sanki heç onu eşitmədi. Qapını bağlayıb 2 mərtəbə yuxarı qalxdı. Təcili yardımın həkimləri xərəkdə üzü bağlı kimisə ağır-ağır, ehmalca düşürürdülər. Kimsə ölmüşdü.
“Ölüm” nə olduğunu belə anlamadığımız bir məhfum idi. “Qaraca qız” filmində Tutunum can verməsi səhnəsində ağlayırdıq amma anlamırdıq, dərk etmirdik. 1 saata o səhnə də, göz yaşı da yadımızdan çıxırdı.
İndi biz 2 mərtəbə ölümün yaxınlığında, qapı arasından üzü bağlı xərəkdə aparılan cansız bədənin gedişini izləyirdik. Nəsə olmuşdu…
O “nəsə” ni biz hardan bilərdik. Anam evə qayıtdı. Dəhlizdə bir az vurnuxub, balaca “apteçka” dan bir neçə dərman, iynə, damara iynə vurmaq üçün rezin və “kəpənək ” şlanq götürüb çıxdı. Qapıda nəsə yadına düşüb qayıtdı. Balaca bacım ağlayırdı, qardaşım artıq paltarını dəyişib, televizoru açmışdı. Mən isə anamı izləyirdim, heç ayaqqabılarımı da çıxarmamışdım. Elxan dayının nur üzünə kinli, əsəbi qan hopmuşdu. Get gedə xatırlayıram əlləri də əsirdi. O Elxan dayı ola bilməzdi. Hara apardılar, niyə apardılar?.
Anam qapıdan çıxanda bacımı və qardaşımı mənə tapşırdı.
Axşama kimi nə qapımız açıldı nə də döyüldü. Axşam anamla atam eyni vaxtda gəldilər. Atam çox fikirli və gərgin görünürdü. Televizorda konsert gedirdi. İlk sözü bu oldu – “Onu söndürün”
Sükut bürüdü evi. Anam tələsik çay çörək hazırladı. Mən bayaq çarəsiz qalıb qalxıb günorta yeməklərini vermişdim qardaşımla bacıma. Anam təzədən yemək bişirməyə başladı. Atamsa çox nadir hallarda bizim yanımızda siqaret yandırardı. Anamın yarı danlaq işarəsi ilə eyvana çıxdı.
O gecə hamı səssiz yeməyini yedi, anam yerlərimizi hazırladı, hamı otağına çəkildi. Gecə saat 1 də qapımız döyüldü. Atamın səsi və işığı yandırması ilə qapının açılması bir oldu. Bir yad adam atamı çölə çağırdı. Atam pencəyini çiyninə atıb çıxdı. Anam nigaran halda əvvəl qapının gözlüyündən sonra eyvandan atamı izləməyə başladı. Atam yad kişi ilə nəsə uzun uzadı danışdı. Təxminən 1 saat keçdi. Atam qapını açıb içəri girdi. Anam bizim yatıb yatmadığımızı yoxlamaq məqsədilə qapımızı yavaşca açıb baxdı. Mən gözlərimi yumub özümü yatmış kimi göstərdim. Anam əminliklə qapını çəkib çıxdı. Artıq bizim yatdığımıza əmin olub danışmağa başladılar. Atamın səsi aydın eşidilirdi.
Elxan dayı fikirdən, başını qatmaq üçün özü də düşünmədən bir bəlaya düçar olmuşdu, qumar bəlasına. Son bir neçə aymış evə içkili gəlirmiş. Dünən axşam yenə həm içib həm də cibindəki pulları da uduzub evə qanı qara gəlib. Heç vaxt çətinliklərə səsini çıxarmayan yoldaşı bu dəfə onunla mübahisə edir. Araya yaşlı anası girsə də gözü nə anasını görür nə yoldaşını. Yenicə çörək doğradığı bıçaqla yazıq yoldaşına bir neçə zərbə endirir. Xırıltıdan səsi çıxmayan qadın elə yerindəcə keçinir. Sanki bu hadisə Elxan dayını yuxudan ayıldır. Qanlı bıçağı yerə atıb evin küncünə sığınır. Yaşlı ana zarısa da səsi çıxmır. Elxan dayı çətinliklə güc toplayıb telefona yaxınlaşır. Polisə zəng edib hadisəni olduğu kimi danışır.
İşdən hər gün yorğun gəlib məhəllə uşaqlarına gülümsəyib, başlarına sığal çəkən, onları saqqız, konfetlə sevindirən Elxan dayının içindəki cani iki həyata son qoydu. Elə o gecə yaşlı ana da bu hadisəyə dözə bilməyib canını tapşırdı. Anamın dərman iynə təlaşı da o zavallı ana üçün imiş.
İndi bilmirəm o Elxan dayı hardadı, nə edir?
Bir onu bilirəm ki, içindəki “mən” i şeytana təslim etdiyi üçün çox peşmandı…
- 08.2024 saat 02:00